AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda ABŞ-ın Birləşmiş Genom İnstitutunun Enerji şöbəsinin əməkdaşı, dünyada bioinformatika sahəsində tanınmış alim Asəf Salamovun “Göbələk və yosunların genomu” mövzusunda elmi seminarı keçirilib.

Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutundan AZƏRTAC-a bildirilib ki, seminarda AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinin müxtəlif qurumlarının əməkdaşları, doktorantlar, magistrlər və Bakı Dövlət Universitetinin tələbələri iştirak ediblər. Seminar iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb. Məruzəçi çoxsaylı sualları cavablandırıb, geniş müzakirələr aparılıb.

Asəf Salamov Azərbaycanı xaricdə layiqincə təmsil edən alimlərimizdəndir. Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Fizika fakültəsinin məzunu olan A.Salamov elmi fəaliyyətinə akademik Cəlal Əliyevin rəhbərlik etdiyi laboratoriyada başlayıb, SSRİ EA Sibir Bölməsinin Sitologiya və Genetika İnstitutunda tədqiqatlar aparıb və namizədlik dissertasiyasını müdafiə edib. 1991-1993-cü illərdə Azərbaycan EA (indiki AMEA) Botanika İnstitutunda riyazi modelləşdirmə qrupunda çalışıb. Sonralar elmi fəaliyyətini ABŞ-ın Texas Beylor Tibb Kollecində, Yaponiyada Heliks Tədqiqat İnstitutunda, Birləşmiş Krallığın Kembric şəhərində yerləşən Senger İnstitutunda və ABŞ-ın Kaliforniya ştatının San-Fransisko şəhərində yerləşən biotexnologiya kompaniyasında davam etdirib. 2002-ci ildən ABŞ-ın Birləşmiş Genom İnstitutunun Enerji şöbəsində çalışır. O, “İnsan genomu” üzrə beynəlxalq layihənin iştirakçısı olub. Məşğul olduğu sahə riyaziyyat, kompüter elmlərinin molekulyar biologiyaya və əsasən də makromolekulların öyrənilməsinə tətbiq edilməsidir. Beynəlxalq miqyasda tanınan və elmi məqalələrinə ən çox istinad olunan, bütün dünya üzrə 3215 alimin yer aldığı siyahıda həmyerlimizin də adı var. Asəf Salamov kimya-biologiya və biologiya, eləcə də bitki və zoologiya elmləri üzrə ən çox istinad edilən alimlərdən biridir, 100-dən çox elmi məqalənin müəllifidir. Alimin bir çox məqaləsi dünyanın nüfuzlu, yüksək impakt faktorlu “Nature”, “Science” jurnallarında dərc olunub.

Posted in: Elm