“Təbrizdəki konfransda millət vəkilləri İran hökumətinin Qarabağ siyasətini tənqid edib…”
Moderator.az-ın xəbər verdiyi kimi, ötən həftə erməni mediasında guya İranın qayaya dırmanma üzrə milli komandasının baş məşqçisi Mehdi Çandehkar ad-soyadlı birisinin Azərbaycanın işğal altındakı Şuşa şəhəri ətrafındakı qayalarda iki dırmanma cığırı salması və torpaqlarımızda qanunsuz məskunlaşmış erməni gənclərə təlim keçməsi haqda informasiyalar yayılıb.

Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı İran vətəndaşı Mehdi Çandehkarın Şuşaya qanunsuz səfəri, orada Ermənistanın işğalçı siyasətinə uyğun hərəkətlər etməsinin araşdırılmasıyla bağlı İran İslam Respublikasının Azərbaycan Respublikasındakı səfiri Cavad Cahangirzadəyə sorğu-müraciət göndərib.

Moderator.az-a açıqlamasında QAT sədri təşkilatın sorğusuna hələ də cavab verilmədiyini bildirib:

“Təəssüf ki, hələ də İran səfirliyindən sorğumuza heç bir cavab almamışıq. Biz mətbuatımıza da müraciət edirik ki, onlara bu mövzuda bir təzyiq göstərsinlər. Təbrizdəki dostlarımızdan da xahiş etmişik ki, guya Şuşada qayaya dırmanan İran çempionuyla bağlı araşdırma aparsınlar. Hələlik onlar cavab verib ki, bizim bu haqda heç bir məlumatımız yoxdur, İran mediasında bu barədə informasiya verilməyib. Buna rəğmən təbrizli soydaşlarımız yenə də məsələni daha geniş araşdıracaqlarına söz veriblər”.

“Yeri gəlmişkən, qeyd edim ki, ötən həftə Təbrizdəki Azərbaycan fəalları geniş bir Qarabağ konfransı keçiriblər. Alimlər və millət vəkillərinin də qatıldığı tədbirdə İran hökumətinin Qarabağla bağlı siyasəti tənqid olunub, natiqlər rəsmi Tehranı Azərbaycana daha yaxından dəstək verməyə çağırıblar…”- deyə Akif Nağı əlavə edib.