Milli Məclisin İctimai birliklər və dini qurumlar Komitəsinin sədri, YAP-ın icra katibinin müavini Siyavuş Novruzov sabiq nazirlərə bağlı açıqlamaları barəsində nə demək olar? Bununla bağlı mən artıq dəfələrlə mətbuat səhifələrində fikirlər səsləndirmişəm. Çox sağ olsun Siyavuş Novruzovu ki, bu məsələni gec də olsa gündəmə gətirdi. Cəmiyyətin gözü tərəzidi, kimin nə ilə nəfəs aldığını çox yaxşı bilir. Vaxtılə dövlətin milyardlarla manat vəsaitlərini talayanların kimliyini də hər kəs çox gözəl bilir. Mən bu adamların hakimiyyətə maliyə müxalifi olduqlarını dəfələrlə yazmışam və demişəm. Burada bütün baş verənlər sadə məntiqə söykənir. Yəni yeni nə isə kəşf etməyə ehtiyac qalmır. Bir korrupsioner məmur vəzifədən çıxarılırsa, deməli o, oğurlaya biləcəyi milyardlardan məhrum olur. Elə bu səbəbdən də vəzifədən getdikdən sonra belələrinin 9/10-u avtomatik olaraq hakimiyyətə müxalif olurlar. Çünkü hakimiyyət vəzifədən çıxarmaqla onları böyük qazanc mənbəyindən məhrum edib. Belələri vəzifədən gedəndən sonra hakimiyyətə dost ola bilərmi? Onların normal əqidəsi olsaydı dövlətin malını, pulunu talamazdılar. Talayıblarsa, deməli xəyanət ediblər. Xəyanət ediblərsə, deməli onlar üçün müqəddəs heç nə yoxdur və onlar vəzifədən uzaqlaşdırıldıqdan sonra on dəfə artıq xəyanət edəcəklər. Bu gün Azərbaycan hakimiyyətinin maliyyə müxalifətinin başında da məhz bu xəyanətkarlar dayanır. Ona görə mən dəfələrlə təklif etmişəm ki, onların taladıqları pulları hakimiyyət geri qaytarmalıdı. Əks halda bu pullar hakimiyyətə qarşı istifadə olunacaq. Təəssüf ki, bu gün bu da baş verir. Bu adamların kimliyi hər kəsə bəllidir. Ba adamları tutduqları yoldan geri döndərməyin yeganə yolu onların dövlətdən öğurladıqları pulları geri qaytarmaqdır. Əks halda onları bu yoldan heç kim çəkindirə bilməyəcək.

Fikrət Yusifov,
Keçmiş maliyyə naziri, iqtiadçı alim, professor