Sabiq nazirlər Siyavuş Novruzovun haqlı tələbinə münasibət bildirmək istəmir…

Məlum olduğu kimi, millət vəkili Siyavuş Novruzov mediaya açıqlamasında dövlətə, dövlətçiliyə, ölkə başçısına yönəlik hücumlar fonunda sabiq nazirlərin səssiz qalmasını, mövqesizlik sərgiləməsini tənqid edib, onları öz mövqelərini bildirməyə səsləyib.

İttiham dolu həmin açıqlama bu linkdə: https://www.moderator.az/news/287338.html

Millət vəkili haqlı olaraq hesab edir ki, uzun illər hakimiyyətin ən yüksək postlarında təmsil olunan, Heydər Əliyevin, o cümlədən prezident İlham Əliyevin etimadı sayəsində nazir vəzifəsində təmsil olunan bu şəxslərin indi proseslərə biganə yanaşması, dövlətə və prezidentə yönəlik hücumlarla bağlı heç bir mövqe bildirməməsi məntiqli deyil və həmin şəxslərin mövqesizliyini müzakirə predmeti edir.

Moderator.az S. Novruzovun qaldırdığı problemlə bağlı bir sıra sabiq nazirlərlə telefon əlaqəsi saxlayaraq onların məsələyə münasibəti ilə maraqlanmaq istəyib.

Sabiq rabitə naziri Əli Abbasov məşğul olduğunu, bir müddətdən sonra özü redaksiyamızla əlaqə saxlayacağını bildirib. Keçmiş təhsil naziri Misir Mərdanov isə məsələyə münasibət bildirmək istəmədiyini vurğulayıb. Sabiq nəqliyyat naziri Ziya Məmmədovla isə əlaqə saxlamaq ümumiyyətlə mümkün olmayıb. Eks nazirin telefonlarına zəng çatmayıb.

Bir sözlə, görünən odur ki, S.Novruzovun bu məsələni açıq şəkildə ictimailəşdirməsindən sonra da dəyişən bir şey yoxdur. Belə analaşılır ki, sabiq nazirlər bu məsələdə susmaqda qərarlıdır. Uzun illər dövlətdə yüksək vəzifələr tutan şəxslərin dövlət və ölkə başçısına qarşı hücumları qınayacaq bir-iki kəlməlik açıqlama verməkdən niyə imtina etdiyinə gəlincə, yəqin ki, bu sualın cavabı haqqında hakimiyyət bundan sonra daha çox düşünməli olacaq…