Amazondakı meşə yanğınları Fransa ilə Braziliya arasında böhrana səbəb olub. Fransa prezidenti Makron tvitter hesabında yanğınlarla bağlı narahatlığını dilə gətirib.

“Sözün əsl mənasında evimiz yanır. Dünya oksigen tələbatının 20 faizini təmin edən bu meşələr bəşəriyyətin ağciyərləridir. Bu, beynəlxalq böhrandır. İki gün sonra baş tutacaq G7 sammitində bu məsələdən bəhs edəcəyəm”- deyə bildirib.

Braziliyanın dövlət başçısı Jair Bolsonaro Makronun bu çıxışına əsəbləşib. O da sosial media hesabından bir-birinin ardınca iki mesaj paylaşıb.

Makronu müstəmləkəçilikdə ittiham edərək Braziliyanın daxili işlərinə qarışdığını ifadə edib. Onun sözlərinə görə, Makron Braziliya və Amazona qonşu olan ölkələri əhatə edən bir mövzudan öz siyasi maraqları üçün istifadə edir:

“Üstəgəl, verdiyi mesajda saxta fotodan istifadə edib. Braziliya hökuməti dialoqa açıqdır. Ancaq bunun üçün qarşılıqlı hörmətə saxta olmayan məlumatlara ehtiyac var. Amazona bağlı ölkələrin G7-də iştirakı olmadan məsələnin orada müzakirəyə çıxarılması müstəmləkəçilik zehniyyətindən irəli gəlir”.

Qeyd edək ki, Bolsonarının saxta adlandırdığı şəkil 2003- cü ildə dünyasını dəyişən bir fotoqraf tərəfindən çəkilib. (Qafqazinfo)