Moderator.az akademik, Milli Məclisin (MM) komitə sədri Ziyad Səmədzadənin müsahibəsini təqdim edir:

– Ziyad müəllim, ikinci müstəqillik dövründə Azərbaycanın ən çox əməkdaşlıq və tərəfdaşlıq etdiyi aparıcı Qərb, Avropa ölkələrindən biri Fransadır. O Fransa ki, həm də Ermənistan-Azərbaycan münaqişəsinin həll olunması üzrə ATƏT-in Minsk qrupunun 3 həmsədrindən biridir. Bu baxımdan, Azərbaycan-Fransa münasibətlərini, onun yaxın keçmişini, bugünkü durumunu və gələcək perspektivlərini necə qiymətləndirirsiniz?

-Qeyd edim ki, Azərbaycan-Fransa münasibətləri çoxəsrlik tarixə və ənənələrə malikdir. Bu əlaqələrin, münasibətlərin kökü lap dərinlərə gedib çıxır. Heç təsadüfi deyil ki, dünya klassiklərindən olan böyük ədib Aleksandr Düma hələ 19-cu əsrdə (1858-59-cu illərdə) Qafqaza səyahəti zamanı Azərbaycana da səfər etmiş, Azərbaycanın, Şərq dünyasının söz ustadlarından Xurşudbanu Natəvanla görüşmüş, bu səfər və görüşdən sonra Azərbaycanla bağlı xoş təəssüratlarını bölüşmüşdür. Eyni zamanda, ilk müstəqilliyimiz dövründə – Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) 23 aylıq mövcudluğu zamanında iki ölkə arasında münasibətlərin yeni mərhələsi yaranmışdır. Azərbaycan nümayəndə heyətinin iştirak etdiyi Paris Sülh Konfransında Fransa Azərbaycanın müstəqilliyini de-fakto tanımışdır.

Həmçinin, Azərbaycan nümayəndə heyəti Paris Sülh Konfransında öz missiyasını uğurla başa vurduqdan sonra parlament bir sıra digər ölkələrlə yanaşı, Fransanın paytaxtında da fəaliyyət göstərəcək diplomatik nümayəndəliyin yaradılması haqqında qanun qəbul etmişdir. Bununla yanaşı, AXC-nin Qərbi Avropa, Rusiya və Osmanlıda ali təhsil almaq üçün seçilmiş Cümhuriyyət tələbələrinin bir hissəsi Fransa universitetlərində təhsil almışdır. Çox maraqlı və təsirli məqamlardan biri də odur ki, 28 aprel 1920-ci ildən sonra bir sıra Azərbaycan ziyalıları, dövlət xadimləri repressiyalardan qorunmaq, Azərbaycan naminə fəaliyyətlərini, fədakarlıqlarını davam etdirmək üçün məhz Fransanı özlərinə ikinci vətən seçmişdilər. Bunlar arasında Əlimərdan bəy Topçubaşov, Ceyhun bəy Hacıbəyli kimi dəyərli vətən övladlarımız vardır ki, bu gün də onların məzarları Fransadadır.

Yəni, demək istəyirəm ki, Azərbaycan-Fransa əlaqələri tarixin bir çox dövrlərində mövcud olmuş və bu mövcudluğunu günümüzədək qoruyub saxlaya bilmişdir. İkinci müstəqillik dövründə isə iki ölkə arasında diplomatik əlaqələr 1992-ci ilin fevral ayının 21-də qurulmuşdur. Fransa Ermənistan-Azərbaycan münaqişəsinin ATƏT-in prinsipləri əsasında sülh yolu ilə danışıqlar vasitəsi ilə həlli üçün yaradılmış ATƏT-in Minsk qrupunun tərkibinə daxildir. 1 yanvar 1997-ci ildən Fransa ATƏT-in Minsk prosesinə həmsədrlər qismində ABŞ və Rusiya ilə birlikdə başçılıq etməkdədir. Həmçinin, 16 mart 1992-ci ildə Fransanın Azərbaycanda səfirliyi, 20 oktyabr 1994-cü ildə isə Azərbaycanın Fransada səfirliyi açılmışdır. Azərbaycan Respublikasının Milli Məclisində Azərbaycan-Fransa parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərməkdədir ki, bu işçi qrupu da 7 mart 1997-ci il tarixində yaradılmış
a

4 mart 2016-cı il tarixindən 6 mart 2017-ci ilə qədər işçi qrupunun rəhbəri ölkənin birinci xanımı, millət vəkili, Birinci vitse-prezident Mehriban Əliyeva olmuşdur. Qeyd edək ki, Azərbaycan-Fransa münasibətlərinin inkişafında, bugünkü yüksək səviyyəyə çatdırılmasında da Mehriban xanımın xidmətləri və rolu çox böyük olmuşdur. Heç təsadüfi deyil ki, 2005-ci il tarixindən Azərbaycanda Fransız İnstitutunun, 2011-ci ildən Bakı Fransız Liseyinin, 2015-ci ildən isə Azərbaycan-Fransız Universitetinin fəaliyyətə başlamasında Mehriban Əliyevanın birbaşa rolu və xidmətləri vardır. Həmçinin, təsadüfi deyil ki, Azərbaycan-Fransa münasibətlərinin inkişafındakı xidmətlərinə görə Mehriban xanım Fransanın ən yüksək dövlət ordeni-“Şərəf Legionunun Zabiti” ordeni ilə təltif edilmişdir. 2011-ci il oktyabrın 7-də Fransanın o zamankı prezidenti Nikola Sarkozinin ölkəmizə rəsmi səfəri çərçivəsində Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın Fransa Respublikasının “Şərəf Legionunun Zabiti” dövlət ordeni ilə təltif olunması mərasimi keçirilmişdir. Fransa prezidenti mərasimdə çıxış edərək demişdir ki, Mehriban Əliyeva dünyada bütün qadınlar üçün gözəl nümunədir.

O, “Bilirik ki, ali təhsilinizi Moskvada almısınız, oftalmologiya sahəsində mütə­xəssissiniz. Ölkənizin maraqları naminə gərgin fəaliyyət aparırsınız, həmçinin parlamentdə fəal iş görürsünüz. Parlamentdə ABŞ-Azərbaycan dostluq qrupunun sədrliyindən Fransa-Azərbaycan dostluq qrupunun sədrliyinə keçmək qərarınız bizim üçün böyük şərəfdir. Bu, strateji və əla seçim oldu. Eyni zamanda, Siz mədəni müxtəlifliyin təşviq edilməsində şəxsən iştirak edirsiniz. Siz Fransanın böyük dostusunuz. Olduqca mühüm iş aparırsınız. Rəhbərlik etdiyiniz Fond uşaqlara qayğı sahəsində böyük işlər görmüşdür. Bu Fond, həmçinin dünya mədəni irsinin qorunmasına da töhfə verir. Beləliklə, Azərbaycanın birinci xanımına ölkəmizin – Fransa Respublikasının ali ordenini təqdim etmək istərdim”, -deyə bildirmişdir.

Azərbaycanın birinci xanımı da Fransa prezidentinə minnətdarlığını bildirərək demişdir ki, bu, onun üçün böyük şərəfdir və fəaliyyətinə verilən yüksək qiymətdir.

Mehriban xanım, “Mən çox şadam ki, bu gün təməli qoyulan Bakı Fransız Liseyinin reallaşmasında rəhbərlik etdiyim Heydər Əliyev Fondunun da əməyi vardır. Əminəm ki, bu lisey həm ölkəmizin təhsil sisteminin inkişafına töhfəsini verəcək, həm də Azərbaycanda fransız dilini, Fransanın tarixi və mədəniyyətini təbliğ edəcəkdir”, -deyə sözlərinə əlavə etmişdir.

Hesab edirik ki, 1994-cü ilin payızından-ümummilli lider Heydər Əliyevin dövlət rəhbəri kimi Fransaya baş tutan yüksəksəviyyəli ilk səfərindən başlanmış yol ötən illər ərzində istər ölkə Prezidenti İlham Əliyev, istərsə də onun ən yaxın silahdaşı – Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən uğurla qət edilmişdir. Ötən illər ərzində bəzi xırda məqamları nəzərə almasaq, Azərbaycan-Fransa əlaqələri özünün ən yüksək səviyyəsinə çatmışdır. Dövlət başçısının ötən ilin yayında Fransaya son və növbəti səfəri çərçivəsində Fransanın 11 şirkətinin nümayəndələri ilə səmərəli görüşləri olmuş və bu görüşlərin ölkələrimiz arasında iqtisadi əməkdaşlıq üçün böyük perspektivlərə yol açdığı vurğulanmışdır.

Prezident İlham Əliyev demişdir ki, Azərbaycan ilə Fransa şirkətləri arasında 2 milyard dollardan çox dəyərində müqavilələr imzalanıb və bu müqavilələr reallaşdırıldığı təqdirdə onların həcmi daha da artacaq. Həmçinin, enerji təhlükəsizliyi məsələsi müzakirə olunmuş, “Cənub Qaz Dəhlizi” layihəsinin uğurla icra edildiyi vurğulanmış, bununla belə, neft-qaz sektoru, infrastruktur, nəqliyyat, kosmik sənaye, hava nəqliyyatı, metro tikintisi, hərbi-texniki sahələrdə əməkdaşlıq məsələləri ətrafında geniş fikir mübadiləsi aparılmışdır. Yəni, bu gün Azərbaycan-Fransa münasibətləri özünün yüksələn xətt üzrə inkişafı dövrünü yaşamaqdadır və bu inkişafın daha da gücləndirilməsi, möhkəmləndirilməsi lazımdır.

– Ziyad müəllim, bilidiyiniz kimi, bu ilin əvvəllərində Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın Fransaya səfəri olmuş, orada çox mühüm və vacib görüşlər, müzakirələr aparılmışdır…

– 2019-cu ilin mart ayında gerçəkləşən bu səfər və səfər çərçivəsində baş tutan görüşlər, müzakirələr, həqiqətən, tarixi hadisədir. Yəni, bu səfər və onun nəticələri iki ölkə arasında münasibətlərin dərinləşdirilməsi baxımından mühüm əhəmiyyətə malikdir. Xüsusilə də, səfər zamanı “Rothschild Global Financial Advisory” şirkətinin rəhbəri David dö Rotşild ilə görüş çox önəmli hadisə sayıla bilər. Çünki məşhur Rotşildlər nəsli Azərbaycan üçün tanış olan nəsildir. Hələ XIX əsrdə Azərbaycanda çox məşhur olan Rotşildlər 1883-cü ildə “Xəzər–Qara dəniz neft sənayesi və ticarət cəmiyyəti”ni təsis etmişdilər. O zaman dünyada neft sənayesinin mərkəzi məhz Azərbaycan, Bakı idi və bu baxımdan Rotşild qardaşları Bakıya böyük investisiya gətirmişdilər. Heç təsadüfi deyil ki, bütün bunlar öz növbəsində o zamanlar Bakıda neft sənayesinin daha da canlanmasına səbəb olmuşdur. Rotşildlər nəslinin davamçısı David dö Rotşild ilə görüş zamanı da bir daha bu məqamlar vurğulanmış, diqqətə çatdırılmış və hər iki tərəfdə məmnunluq doğurmuş, gələcək münasibətlərdə mühüm önəmə malik olduğu dilə gətirilmişdir.

FRANSA-MEHRIBAN XANIM-7
Səfər zamanı birinci ledi, həmçinin “Suez Groupe” şirkətinin rəhbərliyi, Fransanın Milli Xərçəng İnstitutunun təsisçisi, professor David Hayat, o cümlədən Fransanın baş naziri Eduard Filip ilə görüşmüşdür.Mehriban Əliyeva ilə Eduard Filipin təkbətək görüşündən sonra hər iki şəxsin iştirakı ilə Azərbaycan-Fransa sənədlərinin imzalanması mərasimi keçirilmişdir ki, bu sənədlər də çox mühüm əhəmiyyətə malikdir. Konkret olaraq, Azərbaycan Respublikası ilə Fransa İnkişaf Agentliyi arasında “Dəmir yolu sektorunun inkişafı proqramı çərçivəsində Şimal-Cənub nəqliyyat dəhlizinin Sumqayıt-Yalama dəmir yolu xəttinin yenidən qurulmasına dair konvensiya”nı Azərbaycanın Maliyyə naziri Samir Şərifov və Fransanın Avropa və Xarici İşlər Nazirliyinin dövlət katibi Jan-Batist Lömuan imzalamışlar. Bununla yanaşı, “Azərbaycan Mərkəzi Bankı ilə “Rotchild & Cie” Bankı arasında Strateji Əməkdaşlıq Sazişi”ni Mərkəzi Bankın sədri Elman Rüstəmov və “Rotchild & Cie” Bankının baş direktoru Aryel Malard dö Rotşild imzalamışlar. Bunlar da nəticə etibarı ilə iki ölkə arasında iqtisadi münasibətlərin inkişafına, heç şübhəsiz ki, önəmli töhfələrini mütləq verəcək.

Səfər zamanı eyni zamanda, Fransa Senatının sədri Jerar Larşe və Fransanın birinci xanımı Brijit Makron ilə görüş keçirilmişdir. İki ölkənin birinci ledilərinin görüşündə Azərbaycan-Fransa əlaqələrinin inkişafından məmnunluq ifadə edilmiş, Mehriban Əliyevanın Parisə səfərinin əlaqələrin inkişafına mühüm töhfə verəcəyi bildirilmişdir. Söhbət zamanı, həmçinin ailə-qadın, gender bərabərliyi, təhsil, ətraf mühitin qorunması və digər məsələlərlə bağlı müzakirələr aparılmış, Bakıda Fransız Liseyinin fəaliyyətinin məmnunluq doğurduğu qeyd olunmuşdur. Mehriban Əliyevanın Fransanın İqtisadiyyat və Maliyyə naziri Brüno Lömer ilə görüşündə isə bildirilmişdir ki, Fransa yeni texnologiyalar sahəsində ölkəmizə töhfələr verə bilər. “Total”ın Azərbaycanda fəal rol oynadığını bildirən fransalı nazir nəqliyyat, kənd təsərrüfatı sahələrində də təcrübələrini bölüşə biləcəklərini qeyd etmiş, Mehriban Əliyeva isə ölkələrimiz arasında iqtisadi sahədə əməkdaşlığa böyük önəm verildiyini bildirmiş və bunun üçün yaxşı zəmin olduğunu vurğulamışdır. Bununla belə, ölkələrimiz arasında siyasi dialoqun yüksək səviyyədə olduğu, ancaq mövcud iqtisadi əməkdaşlığın real potensiala cavab vermədiyi, bunun üçün tezliklə konkret layihələrin həyata keçirilməsinə başlanılmasının vacibliyi vurğulanmışdır…

fransa-meh
– Yeri gəlmişkən, yeridilən xəttin davamı olaraq, yəni Azərbaycan-Fransa münasibətlərinin daha da sıxlaşdırılması yönündə bu il iyulun 11-də Bakıda İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) və Fransa Sahibkarlar Təşkilatı – MEDEF-in təşkilatçılığı ilə Azərbaycan-Fransa biznes forumu keçirilmişdir…

– Bu da, hesab edirik ki, iqtisadi münasibətlərin inkişafının davamlılığı baxımından çox mühüm əhəmiyyət kəsb edən tədbirlərdən biri idi. Belə ki, Forumda Azərbaycan və Fransa rəsmiləri ilə yanaşı, kənd təsərrüfatı, tikinti, nəqliyyat, logistika, İKT, enerji, maliyyə, təhsil, turizm, ticarət, ətraf mühit, konsaltinq və sair sahələrdə fəaliyyət göstərən 150-dən çox sahibkarın iştirak etməsi bir daha bu tədbirin önəmindən xəbər verirdi. Forumda çıxışı zamanı İqtisadiyyat naziri Şahin Mustafayev Azərbaycan-Fransa əlaqələrinin inkişaf etdiyini, Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın ölkəmizdə səfərdə olan Fransa Sahibkarlar Təşkilatına – MEDEF-ə üzv olan şirkətlərin nümayəndələrini qəbul etməsinin ölkələrimiz arasında əlaqələrə verilən böyük önəmin göstəricisi olduğunu vurğulamışdır.

Həmçinin, Azərbaycan-Fransa iqtisadi əməkdaşlığının əsas istiqamətlərindən olan ticarət əlaqələri barədə bildirilmişdir ki, Azərbaycan Fransanın Cənubi Qafqaz regionu üzrə əsas ticarət tərəfdaşıdır. Yəni, təsadüfi deyildir ki, ötən il Fransanın Cənubi Qafqazın 3 ölkəsi ilə ümumi dövriyyəsinin 62,4 faizi məhz Azərbaycanın payına düşmüşdür. Bu ilin ilk 5 ayında iki ölkə arasında ticarət dövriyyəsi keçən ilin eyni dövrü ilə müqayisədə 53 faizdən çox artıb. Bu isə onu deməyə əsas verir ki, qarşılıqlı ticarət həcminin daha da artırılması, strukturunun şaxələndirilməsi, qeyri-neft məhsullarının Fransaya ixracının genişləndirilməsi üçün potensial böyükdür.

Eyni zamanda, hazırda Azərbaycanda sənaye, xidmət, rabitə, ticarət, bank və sığorta, kənd təsərrüfatı sahələrində 45 Fransa kapitallı şirkət fəaliyyət göstərir ki, nəticə etibarı ilə Fransa şirkətləri Azərbaycanda həyata keçirilən və dəyəri 6,2 milyard ABŞ dolları olan layihələrdə podratçı qismində iştirak etmişdir. Bununla yanaşı, Azərbaycan tərəfindən Fransaya 2,6 milyard dollar, Fransa tərəfindən isə Azərbaycan iqtisadiyyatına 2,2 milyard dollardan çox investisiya yatırılmışdır. Odur ki, Forum zamanı iki ölkə arasında iqtisadiyyatın bir çox sahələrində, o cümlədən ticarət və investisiya, kiçik və orta biznes, enerji, nəqliyyat, kənd təsərrüfatı, sənaye, təhsil, turizm, İKT, maliyyə sahələrində əməkdaşlıq imkanlarının geniş olduğu bildirilmiş, fransalı iş adamları bu imkanlardan yararlanmağa dəvət edilmişdir.

Fransa Sahibkarlar Təşkilatı – MEDEF Biznes Şurasının prezidenti Jofrua Ru de Beziö isə ölkəsinin Azərbaycanla əlaqələrin inkişafına önəm verdiyini qeyd etmiş, Azərbaycandakı biznes mühitinin əlverişliliyini vurğulamış, “Doing Business 2019” hesabatındakı mövqeyindən məmnunluğunu ifadə etmişdir. Keçirilən biznes forumun əlaqələrin inkişafı üçün səmərəli platforma olduğunu bildirən Jofrua Ru de Beziö ölkəmizin cəlbedici turizm potensialını, bir sıra rəqabətqabiliyyətli məhsullar, xüsusilə yüksək keyfiyyətli şərab istehsalçısı olduğunu vurğulamış, iqtisadi əməkdaşlığın genişləndirilməsi istiqamətləri barədə fikirlərini bölüşmüşdür.

fransa-mehri
Bütün bunlar bir daha onu göstərir ki, iki ölkə arasında bütün sahələr üzrə əməkdaşlıq imkanlarının genişləndirilməsi üçün böyük potensial və real imkanlar var. Bu potensialdan və imkanlardan birgə yararlanmaq isə hər iki dövlət və xalqın maraqları baxımından əlverişlidir. Bu baxımdan, yüksələn xətlə inkişaf mərhələsi yaşayan Azərbaycan-Fransa münasibətləri və əlaqələrinin daha da dərinləşdirilməsi nəticəsində mövcud potensialdan və real imkanlardan yararlanmaq hər iki dövlətin xeyrinə olacaq.(etikxeber.az)