Sənətkarlıqla məşğul olan sahibkarlar KOBİA-nın dəstəyindən yararlanır.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) AZƏRTAC-a bildirilib ki, qurumun dəstəyindən yararlananlar arasında sahibkarlarla yanaşı, hazırladığı əl işləri ilə ölkəmizin tarixini və mədəniyyətini təbliğ edən sənətkarlar da var. Əl işlərinin tanıdılmasına və satışına, sərgilərdə iştirakına dəstək göstərilməsi üçün KOBİA-ya müraciət edən Cavid Eyyubov belə sənətkarlardandır.

Ağac üzərində oymaçılıqla məşğul olan Cavid Eyyubov Agentliyin dəstəyi ilə Gədəbəydə keçirilən Milli Yaylaq Festivalı çərçivəsində əl işlərini təqdim edib.

Cavid Eyyubov deyib: “Milli Yaylaq Festivalında əl işlərim yerli və xarici qonaqlar tərəfindən maraqla qarşılandı. Xüsusilə də Azərbaycan abidələri və milli musiqi alətləri ilə bağlı əl işlərimə maraq böyük idi. Sərgi oymaçılıq sənətinin təbliğində, əl işlərimin tanıdılmasında faydalı oldu”.

Qeyd edək ki, KOBİA bu il Bakıda və ölkə regionlarında təşkil edilən bir sıra sərgi və festivallarda mikro, kiçik və orta sahibkarların, o cümlədən sənətkarların iştirakına, öz məhsullarını tanıtmasına və satışına, eləcə də işgüzar əlaqələrinin genişləndirməsinə dəstək göstərib.