Avqustun 15-də Abşeron rayonunda 2019-cu ilin altı ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş Şura iclasında Prezident İlham Əliyevin yanında sosial iqtisadi sahə ilə bağlı keçirilən iclasda qarşıya qoyulmuş vəzifələr geniş müzakirə olunub.

AZƏRTAC xəbər verir ki, iclasda hesabat məruzəsi ilə çıxış edən Abşeron Rayon İcra Hakimiyyəti başçısının müavini İlham Quluyev respublikada əldə olunan uğurların Abşeron rayonunda da sosial-iqtisadi inkişafı təmin etdiyini vurğulayıb.

Bildirilib ki, ilin əvvəlindən rayonda abadlıq-quruculuq işləri davam etdirilib, əhalinin elektrik enerjisi, içməli su, kanalizasiya, təbii qazla təchizatı, yol infrastrukturunun genişləndirilməsi, ictimai nəqliyyat, yaşıllıq, telekommunikasiya xidmətləri istiqamətində xeyli işlər görülüb.

Bununla yanaşı rayonun təhsil, səhiyyə, idman, mədəniyyət, gənclərlə iş üzrə müəssisələrinin normal fəaliyyətlərinin təmin edilməsi istiqamətində də işlər davam etdirilib. Bildirilib ki, rayon gəncləri İran, Gürcüstan və Ukraynada keçirilən beynəlxalq idman yarışlarında 98 medal, o cümlədən 40 qızıl medal qazanıblar. Xüsusilə Hacı Əliyevin ikinci Avropa Oyunlarında yenidən qızıl medal qazanması ötən altı ayın ən yaddaqalan idman uğurlarındandır.

Ötən illərdə olduğu kimi şəhid, əlil və imkansız ailələrin, həmçinin rayon ərazisində məskunlaşmış 10861 məcburi köçkün ailəsinin qayğıları da daim diqqət mərkəzində saxlanılır. Qeyd edilib ki, bir necə ay öncə Abşeron rayonuna məxsus ərazidə bütün infrastruktura malik 1000 ailəlik yeni yaşayış kompleksinin inşası başa çatmış, Prezident İlham Əliyevin və birinci xanım Mehriban xanım Əliyevanın iştirakı ilə qəsəbənin açılışı olmuşdur. Rayon üzrə qəzalı binalarda və ağır şəraitdə yaşayan 60 məcburi köçkün ailəsi yeni salınmış yaşayış kompleksində mənzillərlə təmin edilib.

Bildirilib ki, rayonun Görədil kəndində bələdiyyə tərəfindən inşa olunan 4 qrupluq 80 yerlik körpələr evi-uşaq bağçasının tikintisində son tamamlama işləri görülür. Prezidentin müvafiq sərəncamı ilə Səhiyyə Nazirliyinə ayrılmış vəsait hesabına Xırdalan şəhəri ərazisində Rayon Mərkəzi Xəstəxanası üçün bina tikintisində işlər davam etdirilir.

“Yanardağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunun yenidən qurulması ilə bağlı dövlət başçısının sərəncamı ilə Prezidentin ehtiyat fondundan Dövlət Turizm Agentliyinə ayrılmış vəsait hesabına ötən ilin sentyabr ayından qoruğun ərazisində müasir turizm infrastrukturunun yaradılmasına başlanılıb və bu ilin may ayında işlər başa çatıb. Bundan əlavə rayon icra hakimiyyətinin daxili imkanları hesabına turistlərin axınını nəzərə alaraq qoruğa aparan yol – Məmmədli kəndinin mərkəzi avtomobil yolu kənarında böyük abadlıq işləri aparılıb. İyunun 12-də Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva əsaslı şəkildə təmir və bərpa olunan “Yanardağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunun açılışında iştirak ediblər.

Sonra çıxış edən xidmət qurumlarının rəhbərləri öz işləri barədə hesabat verib, mövcud vəziyyətdən danışıb, qarşıda duran vəzifələrə dair fikirlərini səsləndiriblər. Sonda müvafiq qərar qəbul olunub.