Avqustun 15-də Bakı şəhər Mədəniyyət Baş İdarəsinin Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasının uşaq şöbəsi 94 nömrəli körpələr evi-uşaq bağçasında “Oxu günü” keçirib.

AZƏRTAC xəbər verir ki, uşaq şöbəsinin müdiri Sevil Namazova balacalara müasir uşaq yazıçıları haqqında məlumat verib. Kitabxananın metodisti İradə Hüseynova isə uşaqlara “Bulud” (Azərbaycan xalq nağılı) nağılını oxuyub.

Tədbir zamanı məktəbəqədər uşaqlar üçün nəzərdə tutulmuş “Atalar sözləri və tapmacalar” kitabından oxunan tapmacaları cavablandıran kiçikyaşlı uşaqlara kitablar hədiyyə edilib.