Göyçay rayonunun Kürd–Şəhadət–Qarabağlar–İkinci Ərəbcəbirli avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən sözügedən yol boyu yenidənqurma işləri aparılır. 7.5 km uzunluğa malik yol IV texniki dərəcəyə uyğun təkmilləşdirilir.

Agentlikdən Trend-ə verilən məlumata görə, Göyçay rayonunun Kürd–Şəhadət–Qarabağlar–İkinci Ərəbcəbirli avtomobil yolunda uzun illər əsəslı-təmir işləri aparılmadığından yolun örtüyü yararsız vəziyyətə düşmüş və nəqliyyatın hərəkətində müəyyən çətinliklər yarandırdı.Yolun müəyyən hissələrində yol yatağının təbii faktorların təsirindən aşınaraq eni azalmış, çiyin hissələr standratlardan aşağı düşərək yeyilmişdi. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi yolun 4-cü texniki dərəcəyə uyğun olaraq yenidən qurulması ilə sadalanan problemlər aradan qaldırılır.

Yol boyu dağımış yol geyiminin və torpaq yatağının yararsız qruntu zəruri yerlərdə qazılaraq çıxarılıb, əvəzinə isə yararlı material tökülərək yayılıb və kipləşdirilib. Bununla da standartlara uyğun yeni yol yatağı inşa edilib. Əsasın alt və üst layının qum-çınqıl və optimal-çınqıl qarışığı ilə tikintisi işləri görülüb. Bu işlər 76 min kv.m sahədə icra olunub.

Yol əsası hazır olan hissələrdə asfalt-beton örtüyünün döşənməsi işlərinə başlanılıb. Bu işlər isə 47 min kv.m-dən çox ərazini əhatə etməklə 12 sm qalınlıqda iri və xırda dənəli asfalt-beton qarışığı ilə icra olunur. Buna paralel olaraq çiyin hissələrin 28 min kv.m sahədə 12 sm qalınlıqda optimal-çınqıl qarışığı ilə bərkidilməsi işləri də görülür.

Bundan başqa tikinti işləri zamanı yol boyu 30 nöqtədə birləşmələrdən daxil olan avtonəqliyyat vasitələrinin təkərlərinin təmizlənməsi üçün asfalt-beton ilə təmiri, yaşayış məntəqələrindən keçən hissələrdə piyada səkiləri bərpası, kənarlarına 600 paqon-metr yeni səki daşlarının düzülməsi layihə üzrə icra olunur.

Layihə boyu suötürücü boruların başlıq hissələri yuyularaq dağılmış və bəzi borular yararsız vəziyyətə düşdüyündən, 26 ədəd 260 paqon-metr müxtəlif diametrli yeni metal və dəmir-beton suötürücü boruların quraşdırılması işləri aparılıb, 14 metr uzunluğunda dördbucaqlı su keçidinin inşası işləri aparılıb. Layihə çərçivəsində Şirvan kanalı üzərində yerləşən 30 metr uzunluğunda olan körpünün də əsaslı şəkildə təmiri nəzərdə tutulub.

Tikinti işlərinin sonuncu mərhələsində yol hərəkətinin normal təşkili üçün 28 yol nişanı və məlumatverici lövhə, 7 km göstəricisi və 180 siqnal dirəyi quraşdırılacaq, 4 avtobus dayanacağı inşa olunacaq.

Görülən işlər 4 min əhalinin yaşadığı 4 yaşayış məntəqəsi arasında nəqliyyat əlaqəsini xeyli yaxşılaşdıracaq, yük və sərnişin daşımasını asanlaşdırmaqla yol boyu sənaye və kənd təsərrüfatının inkişafına gətirib çıxaracaq, həmçinin əhalinin rayon mərkəzinə və Bakı-Şamaxı-Yevlax avtomobil yolu vasitəsi ilə qonşu rayonlara rahat gediş-gəlişinə şərait yaradılmış olacaq.