Elçin Mirzəbəyli – yüksək mənəvi keyfiyyətlər və fitri istedadın vəhdəti

Köhnə kişilərə xas olan keyfiyyətləri çoxdur. Artıq danışmaz, kiminsə qeybətini etməz. Nadanlardan uzaq durub, haqsızlığın baş qaldırdığı yeri sakitcə tərk edər. Yüksək mənəvi, əxlaqi keyfiyyət sahibidir. Başını bircə dəfə də olsun qaldırıb necə deyərlər, naməhrəmə baxmaz. Həmsöhbətinə o qədər iltifat göstərər ki, çiynindəki mələklər də sevinər. Davranışında, hərəkətlərində bir kübarlıq vardır. Bütün bunlar ona həm məxsus olduğu gendən gəlir və həm də aldığı ailə tərbiyəsindən. Onun siyasi baxışları, hansı partiyanı təmsil etməsi elə də önəmli deyil. Hansı mükafatlara layiq görüldüyü də yəqin ki, əlahəzrət Zamanın qarşısında əhəmiyyət kəsb etmir. Önəmli olanı odur ki, bu insan sözün əsl mənasında fitri istedada malikdir, ədəbli şəxsiyyətdir. Necə deyərlər, hər tərəfli mükəmməl…

Rəhbərlik etdiyi kollektivdə çalışan əməkdaşlarından biri deyir ki, – “Demokratik idaretmə bacarığına malikdir, məsələn bizimlə dost kimi davranır, sərbəst iş rejimi yaradıb. Bundan sui istifadə halları da yoxdur. Hər kəs bundan sui istifadəni özünə ayıb bilir”…

Xeyli şeirlər yazıb, gözəl poeziya nümunələri yaradıb. Onları oxuduqca mənəvi zövq alırsan, bədəndə ruh dincəlir:

Ya Rəbb, deyəcəyim söz də qalmadı,
Nə mən danışanam…
Nə sən duyansan.
“Ömürdü, həyatdı…”, – dedim,
Olmadı –
Hər nədir, adını özün qoyarsan.

Neyləyim, verdiyin su ömrü deyil
Yağışda danışım, seldə danışım.
Ya mənim dilimdə yaz taleyimi,
Ya da…
Sən bildiyin dildə danışım…

Göy üzü yorulub dualarımdan –
Bəlkə süzgəçindən keçmir, İlahi?
Mən hər gün ömrümün son baharından
Köçürəm,
Vücudum köçmür, İlahi.

Nə hesab soranam, nə hesab yazan –
Varlığım kimsəyə qənim ki deyil.
Daha yol qalmayıb
Yolundan aza –
Bu sənin dünyandı, mənimki deyil.

Ensklopedik bilik hər insana nəsib olmur. Ötüb keçənlərdən, müxtəlif sahələrdən məlumatlı olmaq isnadan yorulmadan mütaliə, geniş dünyagörüşü tələb edir. Onun daxili aləminin zənginliyi yaşadığı mühitdən daha gözəldir. Bu aləmdə fitnə-fəsada, mənəvi eybəcərliklərə yer yoxdur. Uzaq Amerikada bir qəribin vətən təşnəsinə sərinlik səpən bu misralardakı kimi:

Yoruldum qapımı döyən küləkdən,
Üşüdür bu soyuq ev məni, Tanrım!
Sən də mənim kimi tənhasan, təksən,
Sev məni, sev məni, sev məni, Tanrım!

Bəli, sizinlə Elçin Mirzəbəyli haqqında danışırdım…

Elman Eldaroğlu, 
ABŞ, Miçiqan

La imagen puede contener: 1 persona, gafas