Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) Xalq şairi, dramaturq, Azərbaycan Yazıçılar İttifaqının üzvü, “Şərəf” ordenli, Beynəlxalq Elmlər Akademiyasının Azərbaycan bölməsinin akademiki Nəriman Həsənzadə ilə görüş təşkil olunub.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, tədbiri açan Aİİ rektoru Ceyhun Məmmədov institutda maarifləndirmə işinə, gənc nəslin sağlam və vətənpərvər ruhda yetişməsinə xüsusi önəm verildiyini, bu məqsədlə mütəmadi olaraq müxtəlif seminarların, görüşlərin, dəyirmi masaların təşkil edildiyini söyləyib.

Rektor qeyd edib ki, gənc nəslin kitaba, ədəbiyyata marağını artırmaq məqsədilə institutda tanınmış qələm sahibləri, elm xadimləri, deputatlarla tez-tez görüşlər təşkil olunur.

C.Məmmədov bildirib ki, N.Həsənzadənin əsərlərində xalqın həyatı, ruhu, mənəviyyatı, düşüncələri dolğun əks olunub. Şairin Azərbaycan ədəbiyyatında xüsusi yeri, mövqeyi, yaradıcılıq dəstxəti var.

Xalq şairi N.Həsənzadə gənclərlə görüşdən hər zaman böyük məmnunluq hissi keçirdiyini nəzərə çatdırıb və görüşün təşkilinə görə institut rəhbərliyinə, əməyi keçən hər kəsə təşəkkürünü bildirib. Şair yaradıcılığının əsas istiqamətləri haqqında geniş məlumat verərək, şeirlərinin, əsərlərinin yaranma tarixçəsindən danışıb.

N.Həsənzadə müasir cəmiyyətimizi narahat edən bir sıra məsələlərlə bağlı mülahizələrini diqqətə çatdırıb. Müasir ədəbiyyatın problemlərindən danışan şair ədəbiyyat-oxucu münasibətlərinin hazırkı vəziyyətini, perspektivlərini şərh edib. Vurğulayıb ki, Azərbaycan xalqının zəngin mədəni irsinin təbliğ olunması, milli məsələlərimizin dünyaya olduğu kimi çatdırılması günümüzün vacib şərtlərindəndir.

İnstitut əməkdaşlarının, müəllimlərin və tələbələrin iştirak etdiyi görüş maraqlı müzakirələrlə davam edib.

Posted in: Elm