aenpress.info İlk düşdüyün yad mühitdə, əraziyə uyğunlaşmaq üçün, bir müddət müəyyən çətinliklər olur. Təbii ki, bu da özlüyündə həm mənəvi, həm də psixoloji problemlər yaradır. Bəs görəsən bu gün Azərbaycan ordusunda ilk xidməti günlərinə başlayan əsgərlərimizdə düşdükləri mühitə uyğunlaşma necə gedir?…

Ordu.az budəfəki yazıda gənc əsgərlərlə müsahibəni təqdim edir:

İsmayıl Səlim oğlu Pənahlı 1995-ci ildə Şabran rayonunda anadan olub və həmin rayondan da həqiqi hərbi xidmətə çağrılıb.

Salam, əsgər hərbi xidməti qısaca necə izah edərsən?

– Bəzən özümdən böyüklər, hələ rus ordusunda xidmət edənlərin müəyyən söhbətlərini eşidirdim. Onlar orduda olan yerlibazlıqdan, köhnə əsgərlərin yeni əsgərlər üzərində olan hökmranlıqlarından, bəzi zabitlərin zəhmli sifəti və sərt davranışlarından danışardılar. Düzü bu cür halları eşitdikcə məndə orduya qarşı bir fobiya yaranmışdı, bir az ehtiyat edirdim. Çünki kiminsə mənə heç səbəbsiz təzyiq etməsinə nə göz yuma, nə də haqsızlığını götürə bilərəm. Amma hərbi xidmətdə olduğum bu bir neçə ay ərzində bunun tam əksini gördüm. Açığı, mülki həyat zamanı bu cür düşündüyümə görə də özümdən utandım. Mən əsgərliyi, hərbi xidməti nə qədər də yanlış bilirmişəm. Amma, burada görürəm ki, əsl kişilik məktəbi deyirlər ha, bax, o, elə buradadır.

– Komandirlərin əsgərlərə qarşı olan münasibəti və ünsiyyəti gənc əsgər kimi səndə necə təəssüratlar bağışlayır?

– Mən tam açıq danışacam. Mülki həyatda hamımız yüksək vətənpərvərlikdən, vətəni sevməkdən danışırıq. Amma hərbi həyata ilk qədəm qoyduğun andan bilirsən ki, orada yaşadığın hisslər, dilində dediyin ifadələr hamısı sadəcə bir söz imiş. Qoy kimsə məndən inciməsin, amma bu həqiqətən də belədir. Vətəni sevirəm deməklə vətən sevgisi olmur. Burada komandirlərin bizlərlə olan söhbətləri, onların bizə qarşı olan qayğıları, şəxsən məndə belə bir təəsürat yaradıb. Bura təkcə kişilik məktəbi deyil, həm də bir Vətən Akademiyasıdır. Nə yaxşı ki, burada təcrübəli və savadlı komandirlərimiz var.

– Gəl fikirlərini bir az konkretləşdirək. Hərbi hissəyə ilk daxil olduğun gün nələrlə qarşılaşdın?

– Belə deyim, mən əvvəl elə bilirdim ki, hərbi hissəyə daxil olan kimi, bizə forma verib silah öyrədəcəklər. Amma bunun tam əksini gördüm. İlk günün yoxlamasından sonra bizi tibbi müayinədən keçirdilər. İnanırsınız həkimlər və komandir heyəti adamla o qədər mehriban bir ünsiyyət qurur ki, adam ən kiçik hiss etdiyi ağrını belə gizlətməyə çalışır (gülür). Mənim burada olan yoxlamada başım ağrıyırdı. Bunun da səbəbini təbii ki, bilirdim. Mən adətən bir rayondan başqa bir rayona gedəndə bu cür olur. Amma mən onu demədim. Həkim yoxlaması zamanı həkimlər bunu müəyyən etdilər. Məni müayinə etdikdən sonra lazımi tədbirlər görüldü.

Növbəti müsahibimiz isə Qəbələ rayon Yenikənd kənd sakini, Qurbanov Elməddin Məhyəddin oğludur. O da gənc əsgərdir. Elməddinin hərbiylə bağlı olan təəssüratları isə təmamilə fərqlidir.

– Salam əsgər necəsən?

– Çox sağ olun, minnətdaram. Bu arada siz də bizim evə xoş gəlmisiniz.

– Bizim evə…?

– Əlbəttə, biz vətənin övladı, artıq bu evin də bir uşağıyıq.

– Nə gözəl, o zaman bu qısa xidmət müddətində səndə ordumuzla bağlı yaranan təəssüratları bizimlə bölüşməyini xahiş edirəm.

– Nə deyim vallah. Əslində hardan başlayacağımı bilmirəm. Mən evin tək oğluyam. Hərbi xidmətə gələndə valideynlərimi çox kövrək gördüm. Onları qınamıram, bəlkə mən də onların yerində olsaydım, elə hissləri yaşayardım. Düzü, onların məndən ayrı qalmalarını düşündükcə bir az pis olurdum. Amma burada olan bəzi söhbətlər, məni təmamilə soyuqqanlı etdi.

– Necə yəni, hansı söhbət?

– Hərbi hissəyə ilk girişimiz zamanı bizi tibbi müayindən keçirdilər, sonra komandirlərimiz bizimlə söhbət edirdilər. Söhbətimiz əsnasında komandirlərimiz bizə dedilər ki, bura da sizin evinizdir. Vətəni qorumaqdan şərəfli bir yol ola bilməz. Düzdür, bunu elə evdə də, məktəbdə də dəfələrlə eşitmişdik. Komandirdən də eyni sözü eşidəndə ilk əvvəl ciddi qəbul etmədim. Bizə zabitlərimiz deyir ki, biz burada sizə böyük qardaş, bir mənəvi valideynik. Əlbəttə kimsə düşünər ki, bu sadəcə bir sözdür. Məgər kiməsə valideyni qədər kimsə yana bilər ki? Bu sözlər yadımda qalmışdı. Aradan bir neçə gün keçmişdi. Küləkli bir soyuq vardı. Mən yataq otağından çölə çıxırdım. Birdən komandirin məni səslədiyini eşitdim. Geri çevriləndə mənə dedi ki, əsgər bala, çöl soyuqdur, əynini qalın elə, bu geyimdə soyuğa çıxmaq olmaz axı. Düzü bundan sonra komandirlərimizin bizə ikinci valideyn kimi, qayğısının sözdə yox, elə əməldə də doğruluğunu gördüm. Bu mehribanlıq, bu qayğıkeşlik, hər gün bir az daha da artır. Mən burada xidmətimlə fəxr edirəm. Düşünürəm ki, kaş bir neçə il öncədən hərbiyə gələydim.

Əsgərlərimizin bu cür ruh yüksəkliyi və komandirlərinə bağlılığı olduqca qüruruvericidir. Onlarla söhbətim məndə olduqca xoş ovqat yaratmışdı. Elə bu ovqatla da hərbi hissə komandirinin şəxsi heyətlə iş üzrə müvaini Rafayıl Həsənovla söhbətimizi davam etdiririk.

– Komandir, gənc əsgərlərimiz hərbi hissəyə daxil olandan sonra, onlarda xidmətə uyğunlaşmada hansısa çətinliklər yaranmır ki?

– Təşəkkür edirəm. Təbii ki, ilk dəfə düşdüyü yerə uyğunlaşma bir az zaman alır. Amma şükürlər olsun ki, bu gün hərbi xidmətə gələn gənclərimizdə bu keçid dövrü uzun bir vaxt almır.

– Bu nə ilə bağlıdır, komandir-əsgər münasibətləri buna nə dərəcədə təkan verir?

– Əlbəttə ki, gənc əsgərin mühitə uyğunlaşmasında və bu dövrün tez keçməsində komandirlərin üzərinə böyük yük düşür. Hərbi xidmətə çağrılan hər bir gənc səfərbərlik xidmətində tibbi yoxlamadan keçirilir. Amma biz bununla qane olmuruq. Bu, o demək deyil ki, bizim inamımız yoxdur. Əksinə ola bilər ki, çağırışçının, tibbi müayinədən keçdikdən sonrakı müddət ərzində səhhətində hansısa bir problem yaransın. Bu səbəbdən də biz onları hərbi hissədə yenidən müayinə etdiririk. Yalnız bundan sonra çağırışçılar hərbi hissənin ümumi vəziyyətilə yaxından tanış edilir. Müəyyən olunan müddət ərzində isə onlarla şəxsi söhbətlər aparılır, dərslər keçirilir ki, gənc əsgərlər bu ötən müddət ərzində düşdükləri əraziyə adaptasiya olsunlar.

– Komandir, əsgərlərimiz öz xidmətlərilə bağlı bu qədər qürurlu danışmalarında təbii ki, komandirlərin də zəhmətinin olduğunu vurğuladılar. Bu gün hərbidə komandir-əsgər münasibətləri çox vacibdir.

– İlk olaraq onu qeyd edim ki, bu məsələdə sizlə razılaşmamaq mümkün deyil, hərbidə komandir-əsgər münasibətləri həqiqətən də çox vacibdir. Siz indi hansısa bir fiziki qüsuru olan vətəndaşımızı ordu sıralarında görə bilməzsiniz. Əgər o orduda əsgərin komandirə qarşı bu və ya digər mənada incikliyi varsa, həmin orduda fərarilik, qisasçılıq, ruh düşkünlüyü ola bilər. Bu halın olması da təbii ki, ordunun ziyanına işləyən amillərdən biridir. Ordumuzda olan komandir-əsgər münasibətlərinin yüksək səviyyəsinin nəticəsidir ki, bu gün Azərbaycan ordusunda fərarilik halları təmamilə sıfıra enib.

Söhbətimiz zamanı komandir onu da qeyd etdi ki, bu gün qarşıya qoyulan əsas tələblərdən biri də xidmətdə olan əsgərlərimizin təkcə xidmətləri dövründə deyil, elə təxris olunandan sonrakı mülki həyatlarında da orduya hörmət, yüksək vətənpərvərlik ruhunda yaşamlarına davam etmələrinə nail olmaqdır.